Mbappenin “Real”da nə qədər qazandığı məlum oldu

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin maaşı əlavə üstəliklərlə birlikdə ildə təxminən 36 milyon avro məbləğ təşkil edir.

Arena.az bu barədə jurnalsit Ramon Alvares de Mona istinadən məlumat verir.

İddiaya görə, “Real”ın keçmiş futbolçuları – alman keçmiş yarımmüdafiəçi Toni Kroos (ildə 20 milyon avro məbləğində maaş), ispan hücumçu Xoselu (ildə 2 milyon avro) və ispan mərkəz müdafiəçisi Naço Fernandesin (ildə 10 milyon avro) klubdan ayrılmasından sonra, klubun maaş fondunu genişləndirib.

Bundan başqa, “Real” “qaymaqlılar”ın 39 yaşlı xorvat yarımmüdafiəçisi Luka Modriçlə müqaviləsinin müddətini ötən yay uzadıb. Bunun müqabilində Modriçin maaşı 24 milyon avro məbləğdən 12 milyon avro məbləğə endirilib ki, bu da “Real” üçün xeyli pul vəsaitinin azad edilməsinə imkan yaradıb.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun qalibi olub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: