“Real”ın və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappenin istirahət etdiyi, İsveçin paytaxtı Stokholmdakı oteldə axtarış aparılıb.
Arena.az bu barədə “RMC Sport” dərgisinin İsveç mətbuatına istinadı əsasında məlumat verir.
Vurğulanır ki, axtarışla yanaşı, müəssisənin əməkdaşları da dindirilib.
Xatırladaq ki, Kilian Mbappenin Stokholma səfəri zamanı cinsi əlaqədə olması barədə daha əvvəl məlumat yayılmışdı. Kilianın zorlamada ittiham edildiyi da bildirilib. Şikayətə rəğmən, şikayətçinin kimliyi istintaq maraqlarına görə açıqlanmır. Hazırda İsveç polisi bu məsələ üzrə iş açıb və təhqiqat aparır.
Fransalı ulduzun özü isə heç nə olmamış kimi sakitdir. Vəkili futbolçunun nədə təqsirli olduğunu anlamadığını bildirib. Mbappe və ətrafı bu qalmaqalda daha çox oyunçunun sabiq klubu PSJ-ni günahlandırır.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 8 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


