Mbaye Nyanq “Adana Dəmirspor”u “Empoli”yə dəyişdi

Seneqal yığmasının hücumçusu Mbaye Nyanq Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılaraq “Empoli”yə üz tutub.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

A Seriyası təmsilçisi transferi üçün 250 min avro ödədiyi 29 yaşlı forvardla müddəti artırılmaq şərti ilə 6 aylıq müqavilə imzalayıb.

Mbaye Nyanq “Adana Dəmirspor”a bu mövsümün əvvəlində Fransanın “Oser” klubundan azad agent kimi gəlmişdi. O, Türkiyə klubunun heyətində 20 oyuna 8 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Nyanq karyerası ərzində “Kan”, “Milan”, “Monpelye”, “Ceona”, “Uotford”, “Torino”, “Renn”, “Əl-Əhli”, “Bordo” və “Oser” kimi klublarda forma geyinib. O, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, sonradan Seneqal millisini seçib. Hücumçu Seneqal yığmasında 15 oyuna 4 qol vurub.

“Empoli” “Komo”nun hücumçusu Alberto Çerrini də heyətinə qatıb. 27 yaşlı italyan forvard satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürülüb. 2021-ci ildən “Komo”da çıxış edən hücumçu bu komandada 68 oyuna çıxıb, 20 qol vurub, 9 assistlə yadda qalıb. O, “Kalyari”, “Peruca”, SPAL, “Virtus Lansano”, “Peskara” və “Parma” kimi klublarda da forma geyinib. Çerri İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Empoli” gənc mərkəz müdafiəçisi Qabriele Quarinonu da “Modena”ya icarəyə verib. 19 yaşlı italyan futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb. “Empoli”nin öz yetrməsi olan Quarino əsas komandada debüt şansı qazanmayıb.