Futbol üzrə Seneqal yığma komandasının hücumçusu Mbaye Nyanq İtaliyanın “Empoli” klubundan ayrılaraq “Vidad”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Mərakeş klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
29 yaşlı forvard yeni klubuna azad agent kimi keçib. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.
Mbaye Nyanq “Empoli”yə bu ilin yanvar ayında Türkiyənin “Adana Dəmirspor” klubundan 250 min avro qarşılığında keçmişdi. O, bu komandanın heyətində 14 oyuna çıxıb, 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Nyanq karyerası ərzində “Kan”, “Milan”, “Monpelye”, “Ceona”, “Uotford”, “Torino”, “Renn”, “Əl-Əhli”, “Bordo”, “Adana Dəmirspor” və “Oser” kimi klublarda forma geyinib. O, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, sonradan Seneqal millisini seçib.
Hücumçu 2017-ci ilin oktyabr ayında debüt etdiyi Seneqal yığmasının heyətində 23 oyuna 4 qol vurub. Onun hesabında 2 məhsuldar ötürmə də var.
“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.


