Mehdi Cənnətov rəsmən “Sumqayıt”da!

2022/2023 mövsümü bitən kimi “Zirə”dən ayrılan qapıçı Mehdi Cənnətov yenidən sabiq klubu “Sumqayıt”a qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2023/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb. Sözügedən klub son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovu heyətinə qatıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Mehdi Cənnətov 2021-ci ilin iyulunda məhz “Sumqayıt”dan ayrılaraq “Zirə”yə keçmişdi. 31 yaşlı qapıçı Zirənin eyniadlı təmsilçisinin heyətində 53 matça çıxıb. Əslən Dağıstandan olan milliləşdirilmiş qolkiper 53 qol buraxıb. O, 22 matçda da qapısını toxunulmaz saxlamağa nail olub.

Cənnətov 2017-2020-ci illər aralığında da “Sumqayıt”ın şərəfini qoruyub. O, həmin müddət ərzində bu komandada 78 oyun keçirib. Bu görüşlərdə 97 qol buraxmış qapıçı, 26 matçda da qapısını toxunulmaz saxlayıb.

Cənnətov Azərbaycan milli komandasında da 1 matça çıxıb.