Mehdi Taremi: “Mən futbolçu olmasaydım, onda…”

“İnter”in və İran yığmasının hücumçusu Mehdi Taremi futbolçu olmasaydı, hansı peşəni seçə biləcəyi haqda danışıb.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, iranlı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən futbolçu olmasaydım, düşünürəm ki, polis, bəlkə də müstəntiq olardım”, deyə Taremi bildirib.

Mərkəz hücumçusu Mehdi Taremi “İrancavan” klubunun məzunudur. Bir müddət “Şahin Buşəhr” klubunda çıxış etmiş Taremi, ardınca futbolçu karyerasına azacıq fasilə verib. Daha sonra Taremi futbola qayıdıb və “İrancavan”, “Persepolis”, “Əl-Ğarafa” (Ər-Rayyan, Qətər), “Riu Ave” və “Portu”da çıxış edib.

“İnter” Taremini 2024-cü ilin iyulunda “Portu”dan azad agent qismində öz heyətinə qatıb. İranlı futbolçunun İtaliya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Taremi “Portu”nun heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə verib. Tereminin “əjahalar”ın düşərgəsində ümumi fəaliyyəti isə 182 oyun, 91 qol və 56 məhsuldar ötürmədən ibarətdir.

Mehdi Taremi 2015-ci ilin iyununda debüt etdiyi İran yığmasının heyətində 86 oyun keçirib, 49 qol vurub, 20 məhsuldar ötürmə verib.

Mehdi Tareminin qənimətlər muzeyində “Portu” ilə qazandığı Portuqaliya çempionluğu, Portuqaliya Kuboku (3 dəfə), Portuqaliya Liqa Kuboku, Portuqaliya Super Kuboku (2 dəfə), “Persepolis”lə qazandığı İran çempionluğu (2 dəfə) və İran Super Kuboku var. Taremi İran yığması ilə CAFA Millətlər Liqasının (2022/2023) qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı iranlı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.