Memfis Depay Niderland yığmasının tarixinə düşdü

DÇ-2026-nın seçmə mərhələsinin Finlandiya yığması ilə ev oyunu Niderland millisinin hücumçusu Memfis Depay üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu 4:0 hesablı qələbəyə sevindikləri bu oyunda rekorda imza atıb.

Braziliyanın “Korintians” klubunda çıxış edən niderlandlı hücumçu millidə ən çox məhsuldar ötürmə edən futbolçuya çevrilib. Memfis bu qarşılaşma zamanı 2 məhsuldar ötürmə müəllifi olub.

Beləliklə, yığmada məhsuldar ötürmələrinin sayını 35-ə çatdırmış ön xətt oyunçusu Uesli Sneyderi (33 ötürmə) geridə qoyub. Bu siyahıda üçüncü yerdə 30 məhsuldar ötürmə ilə Yohan Kroyf yer alıb.

Xatırladaq ki, Depay həmçinin Niderland yığmasının tarixində ən çox qol vuran futbolçudur. O, yığmada 2013-cü ilin oktyabr ayında debüt edib. Memfis millinin heyətində 106 oyuna 54 qol vurub, 36 məhsuldar ötürmə müəllifi olub.

Memfis Depay Niderlandın PSV klubunun məzunudur. 2011-ci ildə peşəkar futbolçu karyerasına başlamış Depay “Mançester Yunayted”, Lion “Olimpik”i, “Barselona” və Madrid “Atletiko”sunda çıxış edib. O, 2024-cü ildən Braziliyanın “Korintians” klubunun şərəfini qoruyur. Niderlandlı forvard bu komandanın heyətində 53 oyun keçirib, 15 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı niderlandlı mərkəz hücumçusunun transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın