Mendilibar: “Roma”nı məğlub etmək üçün gərəkli hər şeyimiz var”

Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının finalında “Roma”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, o, final ərəfəsində təşkil edilmiş mətbuat konfransında gözləntiləri, komandasının bu oyuna baxışları və rəqib düşərgədəki həmkarı Joze Mourinyo haqda danışıb, yaxın gələcəyi haqda da fikir bildirib:

“Klubumuzun bu turnirdə iştirakına nəzər salsaq, son iyirmi ildə bu turnirin ən yaxşı komandası olduğunu görərik. Qarşıdakı final oyununa gəlincə, hər iki komanda finalda oynamağa layiqdir. Ancaq bir tərəf qalib gələcək və ümid edirəm ki, uğur bizim tərəfimizdə olacaq. Bu, mənim ilk dəfəmdir. Mən bilmirəm, bu oyundan vacib nə ola bilər… Odur ki, belə məqamlarda ehtimallar, adamların nə dediyi əhəmiyyət kəsb etmir. Söhbət dəqiq olmaqdan və bacardıqca az səhv etməkdən gedir.

Mourinyoya onun xoş sözlərinə görə minnətdaram. Onun dediyi kimi, futbol oyunlarını tarix qazanmır, eləcə, yaltaq ifadələr də. Bizi möhkəm rəqiblə mübarizə gözləyir və ən az səhv edən tərəf qalib gələcək. Biz necə oynamaq istədiyimizi bilirik. Onlar da bunu bilirlər. Biz isə dəyişmək fikrində deyilik. Çalışıram ki, oyunçularım bacardıqca təmkinli olsunlar və buna görə onlardan maksimumu alıram.

“Gələcək məni narahat etmir”

Mendilibar bu oyunda favorit göstərilmələrinə də münasibət bildirib: “Mənim üçün favorit olduğumuz əhəmiyyət kəsb etmir, bu haqda düşünmürəm. “Roma” güclü müdafiə komandasıdır. Onlar üçün qol vurub qalib gəlməyə çoxlu məqamlar gərək deyil. Biz onların cərimə meydançasına qədər gəlməyi diqqətə almışıq. Onlar ərazilərini müdafiə edərkən özlərini rahat hiss edirlər və bizə təzyiq göstərməyə ehtiyac duysalar, bunu sürətlə edəcəklər. Bu komandaya qarşı oynamaq çətindir. Ancaq oyun zamanı biz rahat olmalıyıq.

Bizim “Roma”nı məğlub etmək üçün gərəkli arsenalımız var. “Sevilya”ya gəldiyim gündən futboldan zövq alıram. Ümidvaram, bu, belə də başa çatacaq. Mən meydana çıxanda qalib gəlmək üçün variantlar olduğunu düşünürəm və bu əsasdır. Elə olur ki, bir qədər qorxursan, amma indi sadəcə qələbəyə köklənmişəm. Sabahkı gün (final günü nəzərdə tutulur) mənim gələcəyim üçün əhəmiyyətli olacaq. Gələcək məni narahat etmir. İki ay yarımlıq müqavilə imzalamışam. Bu, mənim üçün əhəmiyyətli olsaydı, daha uzun müddətə müqaviləyə israr edərdim. Mən qalib gəlməyə çalışacağam və ümid edirəm ki, La Liqanı da gözəl surətdə başa vuracağıq”.

Xatırladaq ki, Avropa Liqasının final oyunu bu gün Budapeştin “Ferents Puşkaş” stadionunda keçiriləcək.