Meri Erps 2023-cü ildə dünyanın ən yaxşı qadın qapıçısıdır!

Qadın futbolçulardan ibarət İngiltərə yığmasının və “Mançester Yunayted”in üzvü Meri Erps 2023-cü ilin ən yaxşı qapıçısı elan edilib.

Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu gün 2023-cü ildə qadınlar arasında dünyanın ən yaxşı qapıçısını elan edib.

2023-cü ildə qadınlar arasında “Dünyanın ən yaxşı qapıçısı” (Women’s World Best Goalkeeper) mükafatına İngiltərə yığmasının və “Mançester Yunayted”in 30 yaşlı qolkiperi layiq görülüb.

Meri Erps “Dünyanın ən yaxşı qapıçısı” mükafatını qazanmış ilk ingilis qadın və müvafiq mükafata sahib olmuş 6-cı qadın olub.

Uzun müddət qadın futbolunda qapıçılar arasında birincilik ABŞ yığmasının qapıçısı Houp Solo və Fransa yığmasının qapıçısı Sara Buaddiyə məxsus olub. Bu xanımlar hərəyə 4 dəfə “Dünyanın ən yaxşı qapıçısı” mükafatına sahib olublar. Çili yığmasının qapıçısı Kristiana Endler 2 dəfə müvafiq mükafata layiq görülüb. Almaniya yığmasının qapıçısı Almut Şult və Niderland yığmasının qapıçısı Sari van Venendal isə hərəyə 1 dəfə bu adla təltif ediliblər.

Erps ötən mövsümdə bu təqdimatda 2-ci yeri tutmuşdu. Bu dəfə isə o, qalib olmağı bacarıb. Meri İngiltərə yığması ilə FIFA Dünya Kubokunun finalında İspaniya yığmasına məğlub olmasına baxmayaraq, göstərdiyi oyunla komandasının finala aparan yolunda əsas fiqur olub.

Səsvermə zamanı 164 xal toplamış Erps bütün rəqiblərini nəhəng fərqlə üstələyib. 2-ci yerin sahibi, İspaniya yığmasının və “Barselona”nın qapıçısı Sandra Panos 78 xal topayıb. İsveç yığmasının və “Çelsi”nin qapıçısı Zeçira Muşoviç 49 xalla 3-cü yeri tutub. Niderland yığmasının və “Aston Villa”nın qapıçısı Dafna van Domselar 45 xalla 4-cü olub.