Messi bu kluba dəvət olundu: “Onun üçün qovurma hazırlayaram”

Futbol üzrə Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi “Aston Villa”ya dəvət olunub. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin qapıçısı Emiliano Martines Argentina millisində komanda yoldaşı olan məşhur həmyerlisini İngiltərəyə dəvət edib.

ESPN-in yaydığı məlumata görə, Martines Messini Birmingemdə görmək arzusundadır: “Əgər Messini fitə basırlarsa, mən onu “Aston Villa”ya dəvət edərdim… Onu mateyə qonaq edərəm, hər həftəsonu onun üçün qızartma, qovurma hazırlayaram. İnsanlardan onun üçün kiçik bayraqcıqlar düzəltməyi xahiş edərəm və o, burada vaxtını gözəl keçirər. Lazım gələrsə, mən Messi naminə öz əməkhaqqımın ixtisarına da razıyam”.

Xatırladaq ki, Liqa 1 çərçivəsində keçirilmiş PSJ – “Ayaçço” oyununda heyətlər elan edilən zaman və oyunun gedişində azarkeşlər Messinin topa hər toxunuşunda argentinalı ulduzu fitə basmışdılar. Həmin gündən bəri argentinalı ulduzun Paris təmsilçisini tərk edəcəyi barədə ehtimallar artıb. Hazırda onun sabiq klubu “Barselona”ya qayıtması barədə xəbərlər yayılmaqdadır.

İspaniyanın “Barselona” klubunun yetirməsi olan Lionel 2004-2011-ci illər aralığında məhz Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. O, bu komandada 778 matça çıxıb, 672 qola imza atıb və 303 məhsuldar ötürmə müəllifi olub. 2021-ci ilin yayından Fransa nəhəngi PSJ-də forma geyinən təcrübəli oyunçu Paris təmsilçisində də 73 matçda 31 qol və 35 məhsuldar ötürmə müəllifi olub. O, Argentina milli komandasında da 174 oyuna 102 qol vurub.