Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2023-cü ilin ən yaxşılarının təltifatı mərasimində ilin rəmzi komandasını açıqlayıb.
Arena.az məlumat verir ki, “Mançester Siti”nin 6 futbolçusunun yer aldığı ilin rəmzi komandasına “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi də daxil edilib.
“Leo” 17-ci dəfə dünyanın 11 ən yaxşı futbolçusu siyahısına düşə bilib. Beləliklə Messi FIFA-nın ilin rəmzi komandasına daxilolmaların sayına görə şəxsi rekordunu yeniləyib.
Müvafiq göstəricidə 2-ci yerdə “Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo qərarlaşıb, portuqal ulduz 15 dəfə müvafiq rəmzi komandada yer alıb.
Vurğulayaq ki, Messi 2007-ci ildən ardıcıl olaraq FIFA-nın ilin rəmzi komandasına daxil edilir.
FIFA-ya görə 2023-cü ilin rəmzi komandasını təqdim edirik:
Qapıçı:
Tibo Kurtua (“Real”);
Müdafiəçilər:
Ruben Diaş (“Mançester Siti”)
Con Stounz (“Mançester Siti”)
Kayl Uoker (“Mançester Siti”)
Yarımmüdafiəçilər:
Cud Bellingem (“Borussiya” (Dortmund)/”Real”)
Kevin de Bröyne (“Mançester Siti”)
Bernardo Silva (“Mançester Siti”)
Hücumçular:
Erlinq Haland (“Mançester Siti”)
Kilian Mbappe (PSJ)
Lionel Messi (PSJ/“İnter Mayami”)
Vinisius Junior (“Real”)