“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi “Honkonq XI” yığması ilə oyunda (4:1) iştirak etməməsinə aydınlıq gətirib.
Arena.az məlumat verir ki, “Leo” məşhur Çin sosial şəbəkəsi “Weibo”da çincə və ispanca yazı dərc edərək, həmin yoldaşlıq oyununda meydana çıxmamasının səbəbini açıqlayıb:
“Qitə Çində və Honkonqdakı bütün azarkeşlərə və dostlara salam. Mətbuat konfransında daha əvvəl dediyim kimi, qasıq nahiyəsindən zədə aldığımdan Honkonqla yoldaşlıq oyununda oynaya bilmədiyim üçün təəssüflənirəm. Zədəm inkişaf etmişdi və ağrılı idi. Məni tanıyan dostlar başa düşəcəklər ki, hər oyunda əlimdən gələni etmək istəyirəm.
Ümidvaram ki, hələ də Honkonqa səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq. Mən tezliklə qitədə Çinə qayıtmağı və sizinlə futbol sevincini bölüşməyi səbirsizliklə gözləyirəm”, deyə Lionel Messi yazıb.
Xatırladaq ki, Messinin həmin yoldaşlıq görüşündə meydanda olmaması azarkeşlərin, eləcə də Honkonq və Çinin dövlət rəsmilərinin böyük narazılığına səbəb olub. Azarkeşlər argentinalı ulduzu, eləcə də meydana çıxmayan uruqvaylı ulduz, hücumçu Luis Suaresi fitə basıblar.


