Messi üçün Parisə gəldi – Ərəb nümayəndə heyəti

Səudiyyə Ərəbistanından nümayəndə heyəti PSJ-nin artıq keçmiş hücumçusu Lionel Messi ilə müqavilə imzalamaq məqsədilə Parisə gəlib.

Arena.az məsələni diqqətində saxlayan jurnalist Matteo Morettonun “Twitter” hesabına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından gəlmiş nümayəndə heyəti artıq Parisdədir

Ərəblərin nikbin əhvali-ruhiyyədə olduğu bildirilir. Nümayəndə heyəti qarşıdakı 48 saat ərzində Messinin imzalanması ilə bağlı məsələyə uğurla xitam verməyə ümidvardır.

Xatırladaq ki, daha əvvəl “İnter Mayami”nin argentinalı ulduz hücumçu ilə müqavilə imzalamaq üçün rəsmi təkliflə çıxış etdiyi bildirilirdi. Həmçinin Messinin karyerasını davam etdirmək üçün mümkün variantlar arasında, futbolçunun “Barselona” qayıdışı ehtimalı da var.

Bir qədər əvvəl, Messinin 2021-ci ildən çıxış etdiyi PSJ-dən ayrıldığı məlum olub. Argentinalı ulduz cari mövsümdə PSJ ilə Fransa çempionluğunu qazanıb. 41 oyunda meydana çıxmış Messi 21 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib.