Messi və Suaresdən MLS-də qol şousu – Video

MLS müntəzəm çempionatının Şərq Konfransının 3-cü tur oyununda “İnter Mayami” “Orlando Siti”ni qəbul edib və 5:0 hesabı ilə qələbə qazanıb.

Arena.az məlumat verir ki, “vağlar”ın ulduz hücumçuları – argentinalı Lionel Messi və uruqvaylı Luis Suares dübarə fərqləniblər, bir qolu isə fin vinger Robert Teylor vurub.

Oyundan əvvəl qəribə hadisə yaşanıb. Oyunu idarə etməli olan baş hakim Gilyerme Serretanın “İnter Mayami”nin köynəyində sosial şəbəkələrdə şəkli yayılıb. Bu səbəbdən Peşəkar Hakimlər Təşkilatı (PRO) “mümkün münaqişə səbəbindən” Serretanın təyinatını ləğv edib. Oyunun ehtiyat hakimi Ceyme Errera isə baş hakim kimi bu oyuna təyinat alıb.

Ümumiyyətlə, tamamilə “İnter Mayami”nin diqtəsi altında keçmiş oyunun qəhrəmanı isə Luis Suares olub. Uruqvaylı ulduz hücumçu 4-cü və 11-ci dəqiqələrdə Yulian Qresselin ötürmələrini qola çevirib, ardınca isə 29-cu dəqiqədə Robert Teylora məhuslar ötürmə verib – 3:0. 57-ci dəqiqədə Messi “vağlar”ın 4-cü qolunu vurub. 62-ci dəqiqədə isə Suares Messiyə məhsuldar ötürmə ilə fərqlənib və “Leo” yekun hesabı müəyyənləşdirib – 5:0.

Beləliklə Luis Suares 2 qol və 2 məhsuldar ötürmə ilə oyunun qəhrəmanı seçilib. Vurğulayaq ki, Suaresin MLS-də qol ayağı məhz bu iki qolla açılıb. Uruqvaylı ulduz oyundan sonra fikrini “Evdə keçirilmiş gözəl axşam” ifadəsi ilə paylaşıb.

“Leo” isə oyundan sonra özünün sosial şəbəkə hesabı üzərindən oyun haqda fikrini belə ifadə edib:

“Hər kəsdən möhtəşəm oyun və “klasiko”da qələbə!” – “Leo” dərc edib.

MLS müntəzəm çempionatının 3 oyunundan sonra “İnter Mayami” 7 xalla Şərq Konfransının yarış cədvəlinə başçılıq edib. “Orlando Siti” isə 2 oyundan 1 xalla 12-ci pillədədir.

Ümimi yarış cədvəlinə gəlincə, “İnter Mayami” 7 xalla 1-ci, “Orlando Siti” isə 1 xalla 25-ci pillədədir.