Futbol üzrə İspaniya La Liqasının 27-ci turunun “Hueska” ilə ev oyunu “Barselona”nın hücumçusu Lionel Messi üçün daha bir rekordla əlamətdar olub.
Arena.az xəbər verir ki, Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəyə sevindiyi bu görüşdə argentinalı futbolçu iki qol vurub, bir məhsuldar ötürmə müəllifi olub.
Messi bu oyunun iştirakçısı olmaqla Kataloniya təmsilçisinin heyətində 767-ci dəfə meydana çıxıb. Bununla da o, keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.
Qeyd edək ki, 33 yaşlı Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. O, 767 oyunda 661 qola imza atıb.
Xavi isə 1998-2005-ci illər aralığında “Barselona”nın uğurları üçün çalışıb. O, Messinin rekorduna şərik olmasına belə münasibət bildirib: “Messi ilə birlikdə oynamaq, bir çox şeyi paylaşmaq böyük zövqdür. Bu rekordumu Leonun yeniləməsi möhtəşəmdir. Bu, mənim üçün də böyük fəxrdir. Futbol tarixinin ən yaxşı futbolçusunun “Barselona”da ən çox oyun keçirməsi doğru bir şeydir”.
Messi “Hueska” ilə oyunda dubl etməklə həm də La Liqada ardıcıl 13 mövsümdə azı 20 qol vurmağı bacaran ilk futbolçuya çevrilib.


