Hakim Marko Antonio Ortis Nava “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messidən imza aldığı üçün intizam cəzası ilə üzləşib.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Hadisə “İnter Mayami”nin CONCACAF Çempionlar Kubokunun “Kanzas Siti” ilə birinci dövrə oyunundan (1:0) sonra baş verib.
Bu barədə “Kanzas Siti” CONCACAF-a müvafiq ərizə ilə müraciət edərək, hakimin müvafiq davranışını təhqiq etməyi xahiş edib. Ərizə əsasında qurumun apardığı təhqiqat belə bir qənaətə gəlib ki, hakim Navanın davranışı hakimlik nizamnaməsinə uyğun deyil.
Vurğulanır ki, hakim öz xətasını etiraf edib, üzr istəyib və özünə qarşı tətbiq ediləcək intizam tədbirləri ilə razılaşdığını bildirib.
CONCACAF həmçinin digər hakimlərə də xatirat ünvanlayaraq, ədalət təmsilçilərinə oyun rəsmisi mövqeyində ikən davranış tələblərini xatırladıb.