Messinin aqibəti ilə bağlı yeni xəbərlər var

Fransa çempionu PSJ-nin artıq sabiq ulduz hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı KİV-də müxtəlif fikirlər səslənməkdədir.

Arena.az xəbər verir ki, jurnalist-insayder Ernan Kastilyo Messinin karyerasını ABŞ MLS-də davam etdirəcəyi barədə məlumat əldə edib.

O, özünün “Twitter” hesabında bunları yazıb:

“Messi “İnter Mayami”ni seçdi. Daha qovuşmaq yoxdur. Bu, onun təyinat yeridir”.

Xatırladaq ki, daha əvvəl, Messinin atası Xorxe, oğlunun “Barselona”ya qayıtmaq istəyində olduğunu demişdi. O, hətta Kataloniya klubunun prezidenti Joan Laportanın evini bu məqsədlə ziyarət etmiş, tərəflər arasında müvafiq məsələnin müzakirə edildiyi görüş baş tutmuşdu.

Xorxe Messi, oğlunun “Barselona”da hətta ödənişsiz əsasda belə, oynamağa hazır olduğunu deyib. Bu haqda “El Larguero” məlumat verib və tərəflər arasında dialoqun təfərrüatını paylaşıb:

Joan Laporta:

  • Rahat ol, Leo qayıtsa, o, komandanın ən çox maaş alan futbolçusu olacaq.

Xorxe Messi:

  • Narahat olmayın, Leo pulsuz olsa da, “Barselona”da oynamağa hazırdır.

Səudiyyə Ərəbistanı klublarından da Messiyə çox sərfəli təkliflər var. Onların hətta futbolçuya bu şərtləri qəbul etmək üçün vaxt qoyduğuna dair xəbərlər yayılıb. Messi və atasının isə ilk növbədə “Barselona” variantının alınıb-alınmayacağını müəyyənləşdirmək istədiyi bildirilir. Yalnız Kataloniya klubuna qayıtmaq mümkün olmayacağı halda Messi digər variantları gözdən keçirməli olacaq.

Xatırladaq ki, PSJ Messi ilə 2022/2023 mövsümünün sonunda ayrılacağını açıqlamışdı. 35 yaşlı ulduz klubdan azad agent kimi ayrılıb.

Messi 2021-ci ilin yayından PSJ-də çıxış edirdi. Geridə qalmış mövsümdə argentinalı hücumçu 41 dəfə parislilərin heyətində meydana çıxıb. O, 21 qol və 20 məhsuldar ötürmə ilə fərqlənərək PSJ-nin Fransa çempionluğunu qazanmasında böyük pay sahibi olub.