Messinin FIFA-nın tədbirinə qatılmamasının səbəbi məlum oldu

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messinin “The Best FIFA Football Awards 2023” tədbirinə nədən qatılmadığı məlum olub.

Arena.az Gilyem Balaqaya istinadən məlumat verir ki, “Leo” amerikan klubunun məşqini buraxmaq istəmədiyi üçün FIFA-nın müvafiq tədbirinə qatılmayıb.

Mənbənin məlumatına görə, argentinalı futbolçu “İnter Mayami”nin yeni mövsümünə ən yaxşı surətdə hazırlaşmaq arzusunda olduğunu bildirib. Belə ki, əks halda, Londonda keçirilən mərasimdə iştirak etmək Messinin bir neçə günlük məşq prosesini buraxmasına səbəb ola bilərdi.

36 yaşlı futbolçunun Avropadan fərqlənən MLS futbol təqviminə tez uyğunlaşmaq istədiyi üçün “İnter Mayami” ilə mövsümöncəsi məşqlərdə son dərəcə məsuliyyətli olduğu vurğulanır.

Xatırladaq ki, Messi “The Best FIFA Football Awards 2023” mərasimində ilin oyunçusu mükafatı ilə təltif edilib. Argentinalı hücumçu “Mançester Siti”nin norveçli qolçusu Erlinq Halandı və PSJ-nin fansalı hücumçusu Kilian Mbappeni üstələyib.

“Leo” cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Həmçinin Messi bu il Argentinada ilin idmançısı seçilib və bu, “Leo”nun müvafiq mükafatla 4-cü təltifidir ki, bu göstərici yalnız Messiyə məxsus rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı futbolçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.