Messinin ilk müqaviləsi əks edilmiş salfet 900 min avroya satıldı

Argentinalı ulduz hücumçu Lionel Messinin “Barselona” ilə ilk müqaviləsi əks edilmiş salfet parçası “Bonhams” hərrac bazarında satılıb.

Arena.az “Bonhams” hərracının rəsmi saytına istinadən məlumat verir ki, salfet 762400 funt-sterlinq məbləğində satılıb.

Cari məzənnə ilə bu məbləğ demək olar ki, 900 min avro təşkil edir.

Hərracın təsvirində deyilir ki, 13 yaşlı Lionel Messi “Barselona” ilə ilk müqaviləsini bu salfetdə imzalayıb.

Hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi “vağlar”ın düşərgəsinə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib.

Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 26 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.