PSJ-nin ulduz hücumçusu Lionel Messinin təmsilçiləri “Barselona”nın baş məşqçisi Xavinin səsləndirdiyi fikri təəccüblə qarşılayıblar.
Arena.az jurnalist Qaston Edulun “Twitter” hesabına istinadən xəbər verir ki, Messinin “Barselona”ya qayıdışının onun öz istəyinə bağlı olması haqda ispan mütəxəssisin səsləndirdiyi fikir, futbolçunun təmsilçilərində təəccüb doğururb.
Bu, təəccüblə yanaşı anlaşılmazlıq olaraq qəbul edilib.
Məsələ burasındadır ki, Messi üçün “Barselona”ya keçmək doğrudan da prioritet məsələdir. Amma bunun üçün “Barselona” da futbolçuya təkliflə müraciət etməlidir. Müəyyən səbəblərdən Kataloniya klubu hələ ki, bunu edə bilmir və bu təklifi ünvanlamaq üçün qarşısında duran maneələri çözməklə məşğuldur. Bu məqsədlə “Barselona” iqtisadi planla La Liqa rəhbərlərinə müraciət ünvanlayaraq görüşüb.
Cari həftənin sonunda La Liqadan “Barselona”ya cavab gələcəyi gözlənilir. Messi isə gələcəyi ilə bağlı məsələdə çox gözləmək imkanında deyil və “Barselona”nın susacağı halda, digər klubların təklifini gözdən keçirməli olacaq. Məhz bu səbəbdən Xavinin sözləri anlaşılmazlıq və təəccüb doğurub.
Xatırladaq ki, Messi həmçinin Səudiyyə Ərəbistanı klublarının diqqətindədir.