Messisiz “İnter Mayami” ABŞ Kubokunun finalında məğlub oldu

“İnter Mayami” Fort-Loderdeyldə “PNK Stedium”da ABŞ Kubokunun finalı çərçivəsində keçirilmiş oyunda “Hyuston Dinamo”ya məğlub olub.

Arena.az məlumat verir ki, “Hyuston Dinamo” həlledici oyunda 2:1 hesablı qələbə qazanıb.

Oyunun 24-cü dəqiqəsində Qriffin Dorsi hyustonluları hesabda önə çıxarıb. 33-cü dəqiqədə Amin Bassi “Dinamo”nun üstünlüyünü iki topa çatdırıb. “İnter Mayami”nin gücü oyunun sonuncu dəqiqəsinə əlavə edilmiş ilk təzminat dəqiqəsində vurduğu təsəlli qoluna çatıb, Xosef Martines fərqlənib.

Xatırladaq ki, argentinalı ulduz futbolçu Lionel Messi əzələ zədəsi səbəbindən final oyununda iştirak edə bilməyib. 36 yaşlı veteran hücumçu səhhətinə görə ardıcıl üçüncü oyunu buraxmalı olub.

Maraqlıdır ki, “İnter Mayami” ardıcıl üçüncü oyunda Messisiz oyuna çıxıb və qalib gələ bilməyib. “Vağlar” əvvəlcə “Atlanta”ya böyük hesabla məğlub olublar (2:5), sonra “Orlando Siti” ilə heç-heçə (1:1) ediblər və ABŞ Kubokunun finalıda “Hyuston Dinamo”ya uduzublar.

Messi ilə yanaşı, “İnter Mayami”nin zədədən əziyyət çəkən digər sabiq “Barselona”lı futbolçusu – Jordi Alba da final matçında komandasına kömək edə bilməyib.