“Everton”un ingiltərəli mərkəz müdafiəçisi Meyson Holqeyt icarə müqaviləsi əsasında “Şeffild Yunayted”ə keçib.
Arena.az bu barədə “Şeffild Yunayted”in mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsi cari ilin may ayının sonuna qədər razılaşdırılıb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Meyson Holqeyt “Barnsli” klubunun yetirməsidir. Holqeyt karyerası ərzində “Everton”, “Vest Bromviç” və “Sauthempton” klublarında çıxış edib.
Cari mövsümün ilk yarısında Holqeyt “Sauthempton”un heyətində bütün yarışlarda 7 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Meyson Holqeytin qənimətlər muzeyində “Everton”un U-21 komandası ilə qazandığı U-21 İngiltərə Premyer Liqasının ikiqat (2016/2017, 2018/2019) çempionluğu var.
Holqeyt İngiltərənin U-20 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə dəvət almayıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli mərkəz müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
“Şeffild Yunayted” bir neçə futbolçusu ilə də yollarını ayırıb. 19 yaşlı mərkəz müdafiəçisi Finli Potter azad agent kimi “Flitvud”a keçib. İngilis futbolçu yeni klubu ilə 1,5+1 illik müqavilə bağlayıb. “Şeffild Yunayted”in yetirməsi olan müdafiəçisi “Barnet”də də oynayıb.
32 yaşlı mərkəz yarımmüdafiəçisi Con Flek də azad agent kimi “Bləkbörn”ə keçib. O, yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb. “Reyncers”in yetirməsi olan, “Bləkpul” və “Koventri Siti”də də oynamış bu futbolçu 2016-cı ildən formasını geyindiyi “Şeffild Yunayted”də 278 oyuna çıxıb, 16 qol və 48 assistlə yadda qalıb. O, Şotlandiya yığmasında da 5 oyun keçirib.
Premyer Liqa təmsilçisi 23 yaşlı mərkəz yarımmüdafiəçisi İsmaila Kulibalini İsveçin AİK, 21 yaşlı sağ cinah müdafiəçisi Femi Serikini “Roterem”ə, 20 yaşlı sol cinah müdafiəçisi Jili Buyabunu “Motervel”ə, 19 yaşlı hücumçusu Antuan Hakfordu da “Barton”a icarəyə verib. Onların hər biri bu mövsümün sonuna kimi icarədə olacaq.