Miçel: “Çempionluq yox, avrokuboklar üçün mübarizə aparırıq”

“Jirona”nın baş məşqçisi Miçel Anxel komandasının La Liqadakı hədəfinin çempionluq deyil, avrokuboklar olduğunu bir daha vurğulayıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, ispaniyalı mütəxəssis komandasının uğurlu çıxışı mənzərəsində kollektivin öz tarazlığını itirməməsi üçün bilərəkdən belə mövqe sərigləyir:

“Çempionluğu qazanmaq – bizim məqsədimiz deyil. Hazırda biz yalnız qələbə niyyəti ilə oyundan oyuna hərəkət edirik. Komanda avrokuboklara çıxmaq istəyir. Bu, artıq bizi tarixə yazacaq.
Avrokuboklar – bizim əsas arzumuzdur. “Real”la mübarizə aparacaq qədər güclü deyilik. Oyundan oyuna bu böyük klub qədər xal toplamaq çox çətindir”, deyə Anxel bildirib.

Xatırladaq ki, bir müddət əvvəl də Miçel oxşar məzmunda çıxış etmişdi.

Hazırda “Jirona” rəhbərliyi də qış transfer pəncərəsində heyətinin aparıcı oyunçularını “dənləmək” istəyən “əjdaha klublar”dan komandanı qorumaq, həmçinin mətbuatda klub haqqında dolaşan şayiələrin kollektivə təsirinin qarşısını alamq üçün bütün qüvvəsini səfərbər edib.

“Jirona”nın düşərgəsində anlayırlar ki, komanda məhz çempionluğa oynayır, amma bu yolda tarazlığı itirməmək üçün diqqəti arzulara yox, konkret görüləcək işə cəmləmək vacibdir.

Hazırda “Jirona” La Liqanın birinci dövrəsindən, 19 turdan sonra 48 xalla 2-ci pillədə qərarlaşıb və 1-ci pillənin sahibi “Real”la şərikli liderdir. Kataloniya təmsilçisi “Kral klubu”ndan yalnız top fərqinə görə geri qalır.