İngiltərənin “Nyukasl” klubunun hücumameyilli yarımmüdafiəçisi Migel Almiron Premyer Liqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı vingerlə müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin vaxtı 2024-cü ilin yayında bitməli idi.
Xatırladaq ki, Paraqvay milli komandasının da üzvü olan Migel Almiron “Nyukasl”da 2019-cu ildən forma geyinir. Premyer Liqa klubu həmin vaxt onu ABŞ-ın MLS-dəki təmsilçisi “Atlanta Yunayted”dən 24 milyon avro qarşılığında transfer etmişdi. O, indiyə qədər “Nyukasl”ın heyətində 152 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 24 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.
Almiron “Nyukasl”dan öncə “Atlanta Yunayted” (70 oyun, 22 qol, 21 məhsuldar ötürmə), “Lanus” (45 oyun, 4 qol, 4 məhsuldar ötürmə) və “Serro Porteno”da (41 oyun, 6 qol) da oynayıb. O, Paraqvay milli komandasında keçirdiyi 48 oyunda da 6 qola imza atıb.