Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marin UEFA İcraiyyə Komitəsində alman mütəxəssis Karl-Haynts Rummeniggeni əvəz edəcək.
Arena.az “Bild” dərgisinə istinadən məlumat verir ki, Rummenigge bu vəzifəsindən istefa verəcək.
Rummenigge 2015-ci ilin payızında UEFA-ya strateji məsləhətçi və idarə heyətinin üzvü kimi qoşulub. 2017-ci ilin payızında alman mütəxəssis, idarə heyətinin üzvü olmağı dayandırıb, amma 2021-ci ilin aprelində bu vəzifəyə qayıdıb. Bundan başqa, Karl-Haynts 2022-ci ilin dekabrından Almaniya yığmasınıni darə heyətinin müşaviri, 2023-cü ilin may ayından isə “Bayern”də müşahidə şurasının üzvüdür. 2002-2021-ci illərdə funksioner Münhen klubunun idarə heyətinin sədri vəzifəsində çalışıb.
Migel Anxel 1993-cü ildən “Atletiko”dadır və klubda biznes idarəçisi kimi çalışır. 2002-ci ilin fevralında ispan icraçı direktor vəzifəsinə təyin edilib, 2004-cü ilin mayında isə “döşəkçilər”in sahibi olub. Migel Anxel Xil Marin “Atletiko”nun əfsanəvi prezidenti, mərhum Xesus Xilin oğludur.


