Mikautadze silahlı qarətə məruz qaldı

Lion “Olimpik”inin və Gürcüstan millisinin mərkəz hücumçusu Georges Mikautadze qəfil silahlı qarətin qurbanı olub.

Arena.az bu barədə “Actu Lyon” dərgisinə istinadən məlumat verir.

Hadisə dekabrın 1-də baş verib. Mikautadze Lion yaxınlığındakı Şasye şəhərindəki öz şəxsi evində qarət edilib.

Liqa 1 çərçivəsində “Nitsa” ilə ev oyunundan (4:1) sonra evinə qayıdan futbolç başlıqlı və əlcəkdə iki cinayətkarı görüb, onlardan biri silahlı olub. Cinayətkarlardan biri Mikautadzeni evinin yaxınlığındakı dayanacaqda silahla hədələyib, daha sonra quldurlar futbolçunun evinə soxulublar. Soyğunçular Mikautadzeni hədələsələr də, futbolçuya fiziki xəsarət yetirməyiblər.

Mikautadzenin evindən təxminən 150-200 min avro məbləğ civarında bir neçə saat və başqa əşyalar oğurlanıb. Bundan sonra quldurlar aradan çıxıblar. Polis cinayətkarları hələ də fəal surətdə axtarır.

“Mən heç bir fiziki zərər görməmişəm”

Dekabrın 2-də Mikautadze özünü sosial şəbəkədəki səhifəsində onunla hər şeyin qaydasında olduğunu bildirib:

“Hamınızı xoş gördük. Dünənki hadisədən sonra sizi əmin etmək istəyirəm ki, mən yaxşıyam və heç bir fiziki zərər görməmişəm.

Bütün dəstək ismarışlarınız müqabilndə sizlərə təşəkkür edirəm, onlar mənim üçün çox şey deməkdir. Mən öz məqsədlərimə diqqət yetirməyə davam edirəm və sizlərlə görüşməyi səbirsizliklə gözləyirəm. Özünüzün və yaxınlarınızın qayğısına qalın”.

Georges Mikautadze Fransada dünyaya göz açıb və peşəkar futbolçu karyerasına “Mets”də başlayıb. Gürcü futbolçu 2020-2022-ci illər aralığında “Sirinq”də icarədə olub. Mikautadze 2023-cü ilin avqust ayında transfer edildiyi “Ayaks”da 9 oyuna çıxsa da, məhsuldar fəaliyyətlə fərqlənə bilməyib. Bu üzdən də hücumçu cari ilin yanvar ayında yenidən, amma icarə əsasında “Mets”ə qayıdıb. Mövsümün sonunda isə “Mets” 13 milyon avro məbləğ ödəməklə sabiq hücumçusunun transfer hüquqlarını da alıb. Cari ilin iyul ayında Lion “Olimpik”i Mikautadzeni 18,5 milyon avro məbləğ müqabilində “Mets”dən tamhüquqlu əsasda öz düşərgəsinə qatıb.

Lion klubu gürcü futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, “Olimpik”in heyətində 17 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə fərlqənib.

Georges Mikautadze 2021-ci ilin mart ayında debüt etdiyi Gürcüstan millisinin heyətində 35 oyun keçirib, 16 qola imza atıb, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.