Mikel Artata “Arsenal”la yeni müqavilə bağladı

İngiltərənin “Arsenal” klubunda əsas komandanın baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddəti artırılıb. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

40 yaşlı mütəxəssislə müddəti 2024/25 mövsümünün sonunadək olan müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər idi.

Mikel Arteta 2019-cu ilin dekabr ayından London təmsilçisinə rəhbərlik edir. İspaniyalı mütəxəssis indiyə qədər “Arsenal”ı 127 matça çıxarıb. Bu oyunlarda 69 qələbə qazanan londonlular, 22 heç-heçə edib, 36 məğlubiyyətə üzülüblər.

Komanda Artetanın rəhbərliyi altında İngiltərə Kubokunu və ölkə Super Kubokunu qazanıb. Bu mövsüm Premyer Liqada UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “topçular” sona 4 tur qalmış 63 xalla 4-cü pillədə yer alıb.

Sonda onu da xatırladaq ki, “Arsenal” Artetanın baş məşqçilik etdiyi ilk komandadır. O, daha öncə İngiltərənin “Mançester Siti” klubunda Xosep Qvardiolanın köməkçisi kimi çalışıb – 2016-2019-cu illər aralığında.