London “Arsenal”ının baş məşqçisi Mikel Arteta Premyer Liqanın cari mövsümündə “topçular”ın çempionluğu əldən verməsi səbəbini izah edib.
Arena.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Artetanın təhlili komandasının konkret qarşılaşmalarda göstərdiyi oyuna əsaslanır:
“Liverpul”a qarşı səfər oyununda 2:0 öndəsiniz, amma 90-cı dəqiqədə oyun heç-heçə başa çatır, ardınca siz “Vest Hem”lə qarşılaşmada oyun başlayandan iyirmi dəqiqə sonra 2:0 öndəsiniz, meydanda ağalıq etməyinizə rəğmən penaltidən qol buraxırsınız… Siz bu oyunları qazanmalısınız!
Sonra sizin “Sauthempton”la oyununuz var, siz sadəcə iki qol buraxırsınız və diş-dırnaqla dağa dırmaşmağa məcbursunuz. Biz sonda qalib gələ bilərdik, amma 3:3 hesablı heç-heçə oynadıq. Beləcə, “Mançester Siti” ilə növbəti oyun həlledici əhəmiyyət kəsb edirdi.
Düzü, onlar bizdən dəfələrlə əla idilər. Onlar “Real”la oyunda yeni səviyyəyə yüksəlmişdilər. Belə oynayanda isə bu, haradasa “vau” ilə ifadə oluna bilər. Biz heç onlara toxuna bilmədik. Bu, psixoloji planda bizə çox baha oturdu.
Geriyə baxanda, biz hətta “Liverpul”u, “Vest Hem”i və “Sauthempton”u məğlub edə bilsəydik belə, ikinci sırada qalacaqdıq. Onlara qalib gəlməli idik”.
Xatırladaq ki, uzun müddət Premyer Liqada böyük fərqlə vahid lider olan “Arsenal” son turlardakı ardıcıl xal itkiləri sayəsində “Mançester Siti”nin önə keçməsinə mane ola bilmədi. Nəticədə “şəhərlilər” vaxtından əvvəl İngiltərə çempionluğunu təmin etdilər. “Arsenal” isə sona bir tur qalmış 81 xalla ikinci pillədə qərarlaşıb və mövsümü gümüş medallarla başa vuracağı dəqiqdir.
Mikel Arteta 2019-cu ilin dekabr ayından “Arsenal”a rəhbərlik edir. London təmsilçisi İspaniyadan olan 41 yaşlı məşqçinin rəhbərliyi altında 178 matça çıxıb. Komanda bu oyunlarda 104 qələbə qazanıb, 27 heç-heçə edib və 47 məğlubiyyətlə üzləşib.