Mikel Arteta “Arsenal”ın klub rekordunu müəyyənləşdirdi

İngiltərə Premyer Liqasının “Mançester Yunayted”lə 14-cü tur ev oyunu (2:0) “Arsenal”ın baş məşqçisi Mikel Arteta üçün əlamətdar olub.

Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis “Arsenal”ın tarixində “Mançester Yunayted”ə qarşı ardıcıl 4 Premyer Liqa oyununda qalib gəlmiş ilk baş məşqçi olub.

Arteta, həmçinin “Mançester Yunayted”ə qarşı 5 və ya daha çox oyun keçirmiş ixtiyari çalışdırıcı arasında Premyer Liqada “qırmızı şeytanlar”la oyunlarda ən yüksək qələbə faizinə (70%) sahibdir. Artetanın “topçular”ı 10 oyundan 7-də qələbə qazanıblar.

Mikel Arteta “Arsenal”ın sükanı arxasına 2019-cu ilin dekabrında keçib. Bundan əvvəl, ispan mütəxəssis həmyerlisi, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb. İspan mütəxəssisin “topçular”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə Arteta “Arsenal”ı 252 oyuna çıxarıb, 153 qələbə sevinci, 39 heç-heçə və 60 məğlubiyyət acısı yaşayıb. İspan mütəxəssisin “topçular”ı rəqib qapılarına 495 top vurublar, öz qapılarında isə 263 qol görüblər.

Arteta “Arsenal”ın sükanı arxasında ilk mövsümdəcə İngiltərə Kubokunu (2019/2020) və 2 dəfə İngiltərə Super Kubokunu (2020/2021, 2023/2024) qazanıb.

Mikel Artetanın “Arsenal”ı Premyer Liqanın 14 turundan sonra 28 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: