Mikel Arteta “Arsenal”la müqaviləsini yeniləməsini şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”la müqavilə müddətinin uzadılmasına öz münasibətini bildirib.

Arena.az xatırladır ki, tərəflər əməkdaşlığı 2027-ci ilin yayına – iyun ayının sonuna qədər uzadıblar:

“Mən çox fəxr edirəm və çox həyəcanlıyam. Bundan sonra nə olacağını səbirsizliklə gözləyirəm. Mən burada olmaqdan, klubda isə hər kəslə əla münasibət qurmağımdan qürur duyuram. Çox bəxtəvərəm ki, hər gün yaxşı və iddialı insanlarla işləyirəm. Özümü çox ilhamlı hiss edirəm, çağırış hiss edirəm, dəstək hiss edirəm və artıq birlikdə gördüyümüzdən daha çoxunu etmək istəyirəm”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, Arteta “Arsenal”ın sükanı arxasına 2019-cu ilin dekabrında keçib. Bundan əvvəl ispan mütəxəssis həmyerlisi, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb.

Arteta “Arsenal”ı 234 oyuna çıxarıb, 142 qələbə sevinci, 35 heç-heçə və 57 məğlubiyyət acısı yaşayıb. İspan mütəxəssisin “topçular”ı rəqib qapılarına 456 top vurublar, öz qapılarında isə 247 qol görüblər.

Mikel Arteta “Arsenal”a sükanı arxasında ilk mövsümdəcə İngiltərə Kubokunu (2019/2020) və 2 dəfə İngiltərə Super Kubokunu (2020/2021, 2023/2024) qazandırıb.