“Arsenal”ın baş məşqçisi Mikel Arteta həmvətəni, ispan mütəxəssis Luis Enrike və onun çalışdırdığı PSJ haqda fikrini ifadə edib.
Arena.az xatırladır ki, “Arsenal” və PSJ Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turu çərçivəsində Londonun “Emireyts” stadionunda bu gün üz-üzə gələcəklər.
“Hamı səbrsizliklə bu qarşılaşmanı gözləyir. Bu mövsüm tərtibat azacıq fərqlidir, qarşılaşdığımız rəqiblər isə yəqin ki, Avropa futbolunun ən yüksək səviyyəsidir. Bu, əla bir fürsətdir.
Onlar həqiqətən zordurlar, oyunun hər mərhələsində isə üstünlüyə sahibdirlər və çox aydın niyyətləri var. Top onlarda olmadıqda isə onu geri istəyir və sizi mühasirəyə alırlar. Bu, Luis Enrikedir. Hara gedirsə, elə, eynilə də oynayır.
Mən Luis Enrikenin böyük pərəstişkarıyam, o, inanılmaz şəxsiyyətdir. O, böyük cəlbediciliyə, güc-qüvvəyə malikdir və gənc oyunçuları həmişə dəstəkləyir. Onun haqqında sevdiyim cəhət odur ki, harada olubsa, istər futbolçu, istərsə də məşqçi kimi onun izi hər yerdə var. Sizlər bunu hiss edə bilərsiniz ki, bu, onun komandasıdır.
İndi PSJ, futbolçuların necə davranması, necə hücum etmək istəməsi, oyunlarda üstünlük təşkil etməsi baxımından Enrikenin komandasıdır. Onlarda olan ruh, güc-qüvvə – Enrike bu inanılmaz gücə malikdir.
O, düzxətlidir, gözünüzün içinə baxır və nə düşündüyünü deyir. Əvvəl-axır, oyunçular bunu yüksək qiymətləndirirlər. Klubda, milli komandada Enrikenin rəhbərliyi altında oynamış iki-üç futbolçum var və onlar həmişə eyni xüsusu dilə gətirirlər – onun rəhbərliyi altında oynamağı sevirlər”, – Mikel Arteta matçdan öncə baş tutan mətbuat konfransında bildirib.
Xatırladaq ki, “Arsenal” – PSJ oyunu bu gün, oktyabrın 1-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.