London “Arsenal”ının baş məşqçisi Mikel Arteta fevral ayında İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, 41 yaşlı ispan mütəxəssislə yanaşı, Artetanın həmvətəni Xosep Qvardiola (“Mançester Siti”) və holland mütəxəssis Erik ten Haq (“Mançester Yunayted”) da mükafata namizədlər arasında yer almışdılar.
Fevral ayında Artetanın rəhbərliyi altında “topçular” 4 oyunda top fərqi +16 olmaqla 4 qələbə qazanıblar.
Hazırda “Arsenal” Premyer Liqanın yarış cədvəlində 27 oyundan 61 xalla 3-cü pillədə qərarlaşıb və 62 xall toplamış “Mançester Siti” ilə 63 xal toplamış lider “Liverpul”la çempionluq uğrunda gərgin mübarisə aparır.
Mikel Arteta 2019-cu ilin dekabr ayından “Arsenal”a rəhbərlik edir. Bu müddətdə Arteta “topçular”ı dirçəldib və rəqabətəqadir, tərəqqi etməkdə olan kollektivə çevirə bilib. Artetanın rəhbərliyi altında “Arsenal” 2019/2020 mövsümü İngiltərə Kubokunu və 2 dəfə İngiltərə Super Kubokunu (2020, 2023) qazanıb.
“Arsenal” Artetanın rəhbərliyi altında indiyə qədər 217 oyun keçirib. “Topçular” bu görüşlərdə 130 qələbə qazanıblar, 32 heç-heçə ediblər və 55 məğlubiyyətə üzülüblər.
Arteta cari mövsümdə ilk dəfə ayın ən yaxşı məşqçisi seçilib. Ümumiyyətlə, İngiltərə Premyer Liqasının 2023/2024 mövsümündə ayın ən yaxşısı seçilmiş mütəxəssislər bunlardır:
Avqust 2023 – Angelos Postekoqlu (“Tottenhem”)
Sentyabr 2023 – Angelos Postekoqlu (“Tottenhem”)
Oktyabr 2023 – Angelos Postekoqlu (“Tottenhem”)
Noyabr 2023 – Erik ten Haq (“Mançester Yunayted”)
Dekabr 2023 – Unai Emeri (“Aston Villa”)
Yanvar 2024 – Yurgen Klopp (“Liverpul”)