“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın braziliyalı hücumçusu Qabriel Jezusun mövsümün əvvəlindəki forması haqda danışıb.
Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu yay onu görəndə keçirdiyim ilk hiss… bu, xüsusi bir məqam idi. Qabrieldən aşıb-daşan güc-qüvvə fərqli idi. O, fərqli görünür. Onun hərəkətləri fərqli olub… ümumiyyətlə, əla görünür!”, deyə Mikel Arteta vurğulayıb.
Qabriel Jezus “Palmeyras”ın yetirməsidir. Braziliyalı hücumçunun Avropa karyerası “Mançester Siti”də başlayıb. Qabriel Jezus “Arsenal”a 2022-ci ilin iyulunda 52,20 milyon avro məbləğ müqabilində elə, “şəhərlilər”in düşərgəsindən keçib. “Qabbi”nin “topçular”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Jezus “topçular”ın heyətində 38 oyuna 8 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Jezus “Arsenal”ın heyətində ümumilikdə 69 oyun keçirib, 19 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Qabriel Jezus 2016-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 64 oyuna 19 qol vurub, 13 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


