Milan Obradoviç: “Qələbə qazanmaq üçün vaxtımız çatmadı”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Finlandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk hissəyə istədiyimiz kimi başladıq. Orta sahədə üstünlük bizdə idi. Öz oyunumuzu sərgilədik. İmkanlarımız da oldu, amma dəyərləndirə bilmədik. 2-3 əks-hücumumuz olsa da, qolla nəticələnmədi.

50-60-cı dəqiqələr aralığında görünürdü ki, komandamız fiziki cəhətdən yorulub. Həmin ərəfədə Finlandiya 2-3 təhlükəli hücum yaratdı. Sonradan toparlandıq və oyunumuzu oynamağa başladıq. Futbol belədir, sən qol vura bilmirsənsə, rəqib səni cəzalandıracaq. Sonda qolumuzu vursaq da, təəssüf ki, qələbə qazana bilmədik. Qələbə qazanmaq üçün vaxtımız çatmadı. Hətta bərabərlik qolundan sonra meydana ikinci hücumçunu buraxdım. Meydanda hər iki komanda texniki-taktiki mübarizə apardı.

Sumqayıtda oynamaq bizə çox xoşdur. Mənə qalsa, yenə burada oynamağa razıyam. Amma tək burada oynamalı deyilik. Məndən olsa, hər bölgədə – Masazırda, Qəbələdə, Naxçıvanda oynamaq istəyərəm. Bu gün komandamızı dəstəkləyən azarkeşlərə də təşəkkür edirəm.

Hesab edirəm ki, bu gün 2 xal itirdik. Rəqib çox yaxşı və sürətli komandadır. Həqiqətən, əlimizdən gələni etdik. Çox güc sərf etdik. İmkanlarımız var idi, amma təəssüf ki, alınmadı”.

Milan Obradoviç seçmə mərhələdəki növbəti oyun barədə də fikirlərini bölüşüb:

“Qarşıda Xorvatiya ilə oyun var. Hazırlıq üçün cəmi 4 gün var. Heyətdə 23 futbolçunun hər biri oynamağa layiqdir. Daha çox hazır olan oyunçular oynayacaq”.