21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Estoniyaya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, bu gün Sumqayıtda keçirilmiş və 3:0 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Gec də olsa, hamını Novruz bayramı münasibətilə təbrik edirəm. Bugünkü dəstəklərinə görə sumqayıtlı azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar bizi çox gözəl dəstəklədilər və lazımi enerjini verdilər. Futbolçulara da təşəkkür edirəm. Onların sayəsində layiqli və haqq etdiyimiz qələbəni qazandıq.
Rəqibin oyunlarını izləyib, analiz etmişdik. Estoniyadan bu oyunu gözləyirdik. Bilirdik ki, uzun ötürmələr, standart vəziyyətlər və başla oyuna üstünlük verir. Səbr etməli, öz fürsətlərimizi gözləməli və qol vurmalı idik. Fasilədə futbolçulara bu istiqamətdə tapşırıqlar vermişdik. Bu cür futbol oynayan komandalarla oyunlarda rəqibin açılması üçün daha tez qol vurmaq vacib idi. Əsası odur ki, çıxışımızda həyəcan yox idi və rəqibin belə oyununa hazır idik”.


