“Milan” Rafael Leao ilə razılığa gəldi

İtaliyanın “Milan” klubu Portuqaliyadan olan hücumçusu Rafael Leao ilə yeni müqavilə haqda tam razılığa gəlib.

Arena.az razılığın təfərrüatına bələd olan jurnalist Antonio Vitellonun “Twitter” hesabına istinadən xəbər verir ki, tərəflər, müddəti 2028-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalayacaqlar.

Yeni müqavilənin imzalanması ən yaxın vaxtda elan ediləcək.

Mənbənin məlumatına görə, hücumçu “Milan”da mövsümə 5 milyon avro əməkhaqqı və bonuslar alacaq. Yeni müqavilənin kompensasiya məbləği isə 175 milyon avrodur.

Rafael Leao “Milan”a 2019-cu ilin avqustunda Fransanın “Lill” klubundan 29,5 milyon avro qarşılığında keçib. 23 yaşlı portuqal hücumçu 2022/2023 mövsümündə “Milan”ın heyətində 47 oyuna çıxıb. O, bu oyunlarda 14 qol vurub və 15 məhsuldar ötürmə verib. Leaonun “Milan” karyerası bütövlükdə 162 oyun, 41 qol və 36 məhsuldar ötürmədən ibarətdir.

“Transfermarkt” internet-portalı Rafael Leaonu 80 milyon avro məbləğinda qiymətləndirir.