Milan Şkrinyar əməliyyat olundu – Bu mövsüm oynamaya bilər

Futbol üzrə Slovakiya milli komandasının və Fransanın PSJ klubunun mərkəz müdafiəçisi Milan Şkrinyar əməliyyat olunub.

Arena.az TMW portalına istinadən xəbər verir ki, Şkrinyar sol topuğunun yan fibulyar bağını burduqdan sonra Dozada uğurla əməliyyat keçirib.

Bir neçə gündən sonra 28 yaşlı oyunçu bərpa prosesinə başlayacaq. Onun bərpa müddəti barədə dəqiq məlumat verilmir. Lakin ilkin ehtimallara görə, Şkrinyar bu mövsümün sonunadək yaşıl meydanlara çıxmaya bilər.

Xatırladaq ki, Slovakiya millisinin mərkəz müdafiəçisi Fransa Super Kuboku uğrunda “Tuluza”ya qarşı keçirdikləri görüşdə (2:0) xəsarət almışdı.

Milan Şkrinyar 2023-cü ilin yayında İtaliyanın “İnter” klubundan azad agent kimi PSJ-yə keçmişdi. Təcrübəli futbolçu cari mövsümdə meydana çıxdığı 23 matçda 1 qol vurub. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.

Şkrinyar 2017-ci ilin yayından formasını geyindiyi “İnter”lə 5 kubok qazanıb. O, İtaliya klubu ilə 1 skudetto, 2 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku sevinci yaşayıb. Milanın 6 illik “İnter” karyerasının ümumi nəticəsi isə belədir: 246 oyun, 11 qol və 5 məhsuldar ötürmə.

Milan Şkrinyar karyerası ərzində “Jilina” (93 oyun, 13 qol, 2 assist), “Sampdoriya” (38 oyun), “ViOn” (7 oyun) kimi klublarda da forma geyinib. O, Slovakiya milli komandasında da 66 oyun keçirib, 3 qola imza atıb.

“Transfermarkt” internet-portalı Milan Şkrinyarı 45 milyon avro məbləğində qiymətləndirir.