İtaliyanın “Milan” klubu baş məşqçisi Stefano Pioli ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
56 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayına qədər idi.
Stefano Pioli 2019-cu ilin 9 oktyabrından “Milan”ı çalışdırır. “Qırmızı-qaralar” bu mütəxəssisin rəhbərliyi altında 106 oyunda 59 qələbə qazanıb, 20 dəfə də məğlub olub. Qalan 27 oyunda isə heç-heçə qeydə alınıb.
İtaliyalı mütəxəssis “Milan”dan əvvəl “Salernitana”, “Modena”, “Parma”, “Qrosseto”, “Pyaçentsa”, “Sassuolo”, “Kyevo”, “Palermo”, “Bolonya”, “Latsio”, “İnter” və “Fiorentina”nı da çalışdırıb.


