Millimiz Avropa çempionatına 9 cüdoçu ilə qatıldı

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan cüdo üzrə Avropa çempionatına start veriləcək.

Arena.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 9 cüdoçu təmsil edəcək.

Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə kişilərin mübarizəsində 8, qadınların yarışında isə 1 cüdoçumuzun qüvvəsini sınayacağı diqqətə çatdırılıb.

Lissabona Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanıb.

Qeyd edək ki, cüdo yığmamızın bir neçə üzvü koronavirus səbəbindən Lissabona yollana bilməyib. Belə ki, Rüstəm Orucov (73 kq), Davud Məmmədsoy (60 kq) və Məmmədəli Mehdiyevin (90 kq) koronavirus testi pozitiv çıxdığı üçün, Avropa çempionatını buraxmaq məcburiyyətində qalıb. Bu üzdən hətta “Böyük Dəbilqə” turnirində də iştirak edə bilməyən cüdoçularımız oldu.

Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Nüfuzlu yarış Tokio Olimpiya Oyunlarına da lisenziya xalları baxımından önəmlidir. Yarışda 45 ölkədən 359 idmançı iştirak edir.

İlk yarış günündə 3 idmançımız qüvvəsini sınayacaq. 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Nikolae Foça (Moldova) ilə üz-üzə gələcək.

66 kq-da yarışan son Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Amit Boboviçlə (İsrail), eyni çəkidəki Nicat Şıxəlizadə isə Matej Polyakla (Slovakiya) görüşəcək.