Millimiz beynəlxalq turnirə Arif Əsədov hazırlayacaq

Futbol üzrə Azərbaycan millisini Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” turnirinə Arif Əsədov hazırlayacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əsədovun rəhbərlik edəcəyi məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.

Azərbaycan milli komandası martın 22-də Monqolustan, martın 25-də isə Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Artıq yığmamızın bu turnir üçün toplanış tarixi də bəlli olub. Komanda martın 18-də bir araya gələcək.

Sonda onu da xatırladaq ki, Azərbaycan millisi ötən ilin sonunda Canni De Byazinin gedişindən bəri baş məşqçisizdir. Arif Əsədov De Byazinin dövründə millimizdə köməkçi-məşqçi kimi çalışırdı.