Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq “Ordu” komandasının baş məşqçisi Alberto Blanko olacaq.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycanın əsas yığmasında üçüncü məşqçi, U-20 yığmasında isə baş məşqçi kimi fəaliyyət göstərən Alberto Blanko yüksək liqa klubunda işləyəcək. İspaniyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Blanko bu təyinatı ilə bağlı fikirlərini də bölüşüb. O, hədəflərinin böyük olduğunu vurğulayıb:
“Biz yeni komandayıq. Çempionatda yeni klub kimi mübarizə aparacağıq. Ona görə də oyunçularımızın uyğunlaşması çox vacibdir. Düzdür, yerli oyunçularımız digər klublardan gəlib, onlar üçün ciddi problem olmayacaq. Addım-addım getməliyik. Çünki yeni yaranan klub üçün dərhal nəticə göstərmək bir qədər çətindir. Böyük hədəflərimiz var. Ancaq bunun üçün ilk növbədə oyunçularımız çempionatın startına qədər lazımi formaya çatmalıdırlar. Bundan sonra artıq hansısa uğurlardan danışmaq olar. Əlbəttə, hamımız əlimizdən gələni edəcəyik ki, klubumuz lazımi nəticəni qazansın. Oyunçularımız məqsədə çatmaq üçün meydanda sona qədər mübarizə aparacaqlar”.
“Naxçıvan”da amerikalı və türkiyəli basketbolçular
Azərbaycan Basketbol Liqasında yeni mövsümə hazırlaşan digər klublar isə heyətlərini gücləndirməyə davam edirlər. Bu yöndə ən fəallardan biri də “Naxçıvan”dır. Sözügedən klub amerikalı Devon Jenkinslə 1 illik müqavilə imzalayıb. 29 yaşlı basketbolçu son mövsümü Çili D2 liqasında çıxış edən “Colo-colo Santiaqo” klubunda keçirib.
“Naxçıvan”ın digər yeni transferi türkiyəli Ahmet Karaçelikdir. 188 sm boya malik basketbolç son mövsümü Azərbaycan Tələbə Liqasında mübarizə aparan “Xəzər Universiteti”ndə keçirib.
19 yaşlı oyunçu daha öncə “Ormanspor” və “Türk Telekom” klublarının da şərəfini qoruyub.
Azərbaycanın U-16 və U-18 millilərində çıxış edən Papuna Kirtadze də “Naxçıvan”la razılıq əldə edib. 23 yaşlı 184 sm boya malik basketbolçu son olaraq Gürcüstan A Liqasında mübarizə aparan Kutaisi Akaki Tsereteli Dövlət Universiteti komandasında çıxış edib.
“Naxçıvan” Nəzər Quliyev və Ehsan Şabani ilə də müqavilə imzalayıb. Hər iki baktbolçu ilə mövsümün sonuna kimi razılıq əldə edilib. Şabani ötən mövsümün ilk hissəsini “Sumqayıt”da, ikinci yarısını isə “Gəncə”də keçirib. 22 yaşlı 201 sm boya malik Nəzər Quliyev isə “Sumqayıt”da çıxış edib.
Xatırladaq ki, ötən çempionatın iştirakçısı “Xəzri” bu mövsümdən “Naxçıvan” adı altında mübarizə aparacaq.
“Lənkəran”da 4-cü amerikalı
“Lənkəran” heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib. Debütant 204 sm boya malik hücumçu Emanuel Littls ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı basketbolçu “Lənkəran”a qədər “Fleyer Vels” (Avstriya) və “Posusje”nin (Bosniya və Herseqovina) formasını geyinib.
Qeyd edək ki, bu, cənub klubunda 4-cü amerikalı basketbolçu olub. Buna qədər komanda Qreqori Milton, Ceremi Berrayt və Maykl Rocersi heyətinə qatıb. Bundan başqa, Çınar Çakmak (Türkiyə), Rəşid Abbasov, Varid Ağasızadə, Mirməcid İsmayılov və Zumrat Ankbazovun (hamısı Azərbaycan) da bu kluba keçidi rəsmiləşib.
“Quba” da amerikalı basketbolçu gətirdi
“Quba” da növbəti legioner transferini reallaşdırıb. Sözügedən komanda amerikalı basketbolçu Kameron Consla güclənib. 25 yaşlı basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Cons karyerası ərzində “McNeese State University”, “Jacksonville ST University”, “South Carolina ST University” komandalarında oynayıb. Kameron karyerası ərzində ilk dəfə legioner həyatını məhz Azərbaycanda yaşamış olacaq.
“Gəncə” və “Abşeron”da yeni oyunçular
“Gəncə” də heyətinə yeni oyunçular cəlb edib. Sözügedən klub Azər Əzimovla müqavilə bağlayıb. 20 yaşlı basketbolçu bir illik anlaşmaya qol çəkib. 195 sm boya malik Əzimov müdafiəçi mövqeyində oynayır. Ötən mövsümü “Sərhədçi”də keçirən oyunçu 20 yaşlılardan ibarət Azərbaycan yığmasına da dəvət alıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
“Gəncə amerikalı Barrel Romelo ilə də anlaşıb. Müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 201 sm boyunda olan Romelo 24 nömrəli formanı daşıyacaq. 26 yaşlı basketbolçu ölkəmizə Bolqarıstan çempionatından gəlib. O, Şərqi Avropa ölkəsində “Minyor 2015” klubunun şərəfini qoruyub.
“Abşeron” da növbəti transferlərini rəsmiləşdirib. Sözügedən klub amerikalı hücumçu Villiam Cenkinslə 1 illik müqavilə imzalayıb. Son olaraq İrlandiyanın “Vincent Dublin” klubunda çıxış etmiş 28 yaşlı basketbolçu ölkəsi ilə yanaşı, Avstraliya və Lüksemburqda da çıxış edib.
“Abşeron” U-18 millimizin üzvü olan İsmayıl Abdullayevlə, həmçinin U-16 yığmamızda çıxış edən Azər İbrahimovla da anlaşıb. Onların hər ikisi 1 illik müqaviləyə imza atıb.