Miloş Miloviç “Sumqayıt”da – Rəsmi

Çinin “Çindao Haynyu” klubunun mərkəz müdafiəçisi Miloş Miloviç bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən klub daha bir futbolçunu heyətinə cəlb edib. “Sumqayıt” monteneqrolu futbolçu Miloş Miloviçlə 1+1 illik müqavilə bağlayıb. 28 yaşlı müdafiəçi yeni komandasında 95 nömrəli formada çıxış edəcək.

Miloş Miloviç peşəkar karyerasına Monteneqronun “Moqren” klubunda başlayıb. O, ölkəsində “Arsenal” (Tivat), “Bokel” və “Kom” klublarının da formasını geyinib. Miloviç Finlandiyada “Honka”, Kosovoda “Priştina”, Serbiyada “Vozdovaç”, Özbəkistanda “Navbahor” kimi klubların uğurları üçün çalışıb. Bu ilin fevralında “Navbahor”dan Çinin “Çindao Haynyu” klubuna keçən müdafiəçi, bu komandanın heyətində 11 oyun keçirib.

Miloviç Monteneqronun U-18, U-19 yığmalarında oynayıb, 2020-ci ilin noyabrında debüt etdiyi əsas millidə isə cəmi 4 matç keçirib.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Rəhim Sadıxov (“Zirə”), Fernando Medeyros (“Eqnatiya”, Albaniya), Slavişa Radoviç (“Sarayevo”, Bosniya və Herseqovina), Nikola Vuynoviç (“Qoritsa”, Xorvatiya), Sərtan Taşkın (“Manisa”, Türkiyə), Silvanus Nimeli (“Surxon Termez”, Özbəkistan) və Alan Diasın (“Lokomotiv”, Sofiya, Bolqarıstan) da transferini rəsmiləşdirmişdi. Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata, Kamran Əliyev və Kazimir Ninqa isə klubla vidalaşıblar.