Oktyabrın 25-də start götürmüş “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə ötən gün – ayın 27-də yekun vurulub.
Arena.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnir Azərbaycan komandası üçün uğurlu olub.
Belə ki, 8 ölkədən 14 komandanın iştirakı ilə təşkil edilən reqatada Azərbaycan komandası ümumilikdə 20 medal qazanıb. Onlardan 8-i qızıl, 4-ü gümüş, 8-i isə bürünc əyarlıdır.
Həmçinin komanda hesabında qazanılan medal nisbətinə görə Azərbaycan kayak və kanoe növündə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin kubokuna sahib olub. Akademik avarçəkmədə isə kubok Gürcüstan komandasına təqdim edilib.
Xatırladaq ki, “Mingəçevir reqatası” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.