Ötən gün start götürmüş “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin ikinci günü də Azərbaycan komandası üçün uğurlu olub.
Arena.az xəbər verir ki, idmançılarımız yarışın ikinci gününü 12 medalla başa vurublar.
2007-2008-ci il yaş kateqoriyasında 1 nəfərlik kanoe qayığında 500 metr məsafəyə yürüşdə Sənan Məmmədov ikinci, Cavid Vəlizadə isə 3 yer tutub. Sənan Məmmədov 200 metr məsafədə də gümüş medala sahib olub.
1 nəfərlik kayak qayığında 500 metr məsafədə Amil Ramazanov bütün rəqiblərini qabaqlayıb.
2 nəfərlik akademik avarçəkmədə 1500 metr məsafəyə yürüşlərdə Fuad Məmmədov-Fikrət Həsənov cütlüyü ikinci yer tutub.
2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yarışlarda Qiyas Əhmədov-Riad İsmayılzadə dueti finişə hamıdan tez çatıb. Sübhan Həsənov-Rəşad Dadaşov 2-ci olub. Adıçəkilən cütlüklər 200 metr məsafədə də müvafiq olaraq 1-ci, 2-ci yerə layiq görülüb. Bu məsafədə Emil Zeynalovla Rüfət Həsənzadə isə 3-cü olub.
2009-2010-cu il təvəllüdlü idmançılar arasında 2 nəfərlik akademik avarçəkmədə 1000 metr məsafədə Nurəddin Əliyev-Məhəmməd Abdullayev dueti bürünc medal qazanıb.
Əlimurad Hacızadə isə 1 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşlərdə 3-cü olub.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş bu turnirin ilk günündə idmançılarımız 4 medal qazanmışdılar. 1 nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb. 2 nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulov-İman Həsənov cütlüyü finişə birinci çatıb. Nihad Quliyev-Şahin İsayev dueti isə üçüncü yerə layiq görülüb. 1 nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Cahangir Məmmədli ikinci yer tutub.
8 ölkədən 14 komandanın qatıldığı “Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq.