“Mingəçevir Reqatası” üçün 8 ölkədən 14 komanda

Oktyabrın 25-də start götürəcək avarçəkmə üzrə “Mingəçevir Reqatası-2023”-də 8 ölkədən 14 komanda iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Üç gün davam edəcək yarışda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistan təmsilçiləri mübarizə aparacaqlar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək turnirə 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı qatılacaq.

Bildirilib ki, yarışda federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməsinin əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətədavamlı yığma komandanın formalaşdırılmasıdır.

Qeyd edək ki, “Mingəçevir Reqatası” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.