Minifutbol üzrə Azərbaycan millisi bu gün Bakıda təşkil olunmuş dünya çempionatında (DÇ-2025) ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, ölkəmizdə keçirilən mundiala bu gün start verilib.
Millimizin oyunundan öncə dünya çempionatının açılış mərasimi keçirilib. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra ölkəmiz haqqında musiqi və xüsusi işıq şousunun müşaiyəti ilə maraqlı bir səhnəcik göstərilib. Burada ritmik və həyəcanlı musiqi vasitəsi ilə rəqqasların nümunəvi ifası təqdim olunub. Açılış mərasimində xüsusi olaraq Bakıya dəvət olunmuş dünya freestyle sənətinin əfsanəsi Sean Qarnier topla möhtəşəm hərəkətlər nümayiş etdirib. Azərbaycanın xalq artisti Aygün Kazımova və türkiyəli pop ulduzu Aleyna Tilkinin ifaları tədbirə əlavə rəng qatıb.
Tədbirin sonunda turnirin rəsmi maskotu olan Maralzadə azarkeşlərə təqdim olundu.
Daha sonra yığmamız mundialdakı ilk sınağına çıxıb. A qrupunda qərarlaşmış yığmamız Bəhreyn seçməsi ilə qarşılaşıb. Qarşılaşmadan əvvəl millli komandamızın üzvləri Tural Nərimanov, Davud Karimi, Seymur Məmmədov və Bəxtiyar Soltanovun seçmə komandada karyeralarını başa vurmaları ilə əlaqədar təntənəli şəkildə yola salınıblar. Onlara xüsusi mükafat təqdim olunub.
Oyuna gəlincə, Azərbaycan – Bəhreyn görüşündə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 dəfə fərqləniblər. Millimizin heyətində Mirmehdi Rzayev (15) dəqiq zərbə müəllifi olub. Rəqibin qolunu isə Ahmed Antar (25) vurub.
Qeyd edək ki, qrupun digər görüşündə, saat 23:00-da Mavritaniya və Sloveniya kollektivləri üz-üzə gələcəklər.
Minifutbol üzrə dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Minifutbol üzrə dünya çempionatı
A qrupu
21 may
Azərbaycan – Bəhreyn – 1:1
Qollar: Mirmehdi Rzayev, 15 – Ahmed Antar, 25.