Miodraq Bojoviç: “Bu gün bəxtimiz gətirdi”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün kifayət qədər çətin keçdi. “Zirə” kollektiv oyun sərgiləyən komandadır. Onların az qol vuran və az qol buraxan komanda olduğunu bilirdik. Bu gün rəqib də qol vura bilərdi. Bu baxımdan bizim bəxtimiz gətirdi. Rza Cəfərov iki epizodda bizi qoldan xilas etdi. Ondan sonra oyun nisbətən daha bərabər şəkildə keçdi. Bir qol vurduq, ikinci yarıda da epizodlarımız var idi, vursaydıq, oyun daha rahat alınardı.

28 gün ərzində 7 oyun keçirmişik. Hər dörd gündən bir oynayırıq. Biz bura gələndə, zədəlilərin sayı kifayət qədər idi. Alfa Konte və Brayan Moreno çempionatın başlamasına iki gün qalmış komandaya qoşuldular. Qara Qarayev və Filip Ozobiç oktyabr-noyabrdan oynamırdılar. Eyni zamanda da, komandadakı yaş amili öz sözünü deyir. Bu baxımdan, bərpa üçün daha çox vaxt lazımdır. Sabit dövr olmalı idi. Faktiki olaraq, biz bir həftə Türkiyədə, iki həftədir ki, burada çalışırıq”.

Miodraq Bojoviç əsas rəqiblərindən olan “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa” üzərində qazandığı qələbəni (4:2) şərh edib:

“Onların bu uğuruna çox sevinirəm. Çünki “Qarabağ” Azərbaycan klubudur. Avropadakı istənilən qələbə Azərbaycan futbolunun səviyyəsini yüksəldir. Azərbaycanda nə qədər işləsəm, avrokuboklarda oynayan bütün klublarınıza azarkeşlik edəcəyəm. Yalnız “Qarabağ”la “Neftçi” arasındakı oyunlarda özümüzə azarkeşlik edəcəyəm”.

“Nəticənin ədalətli olduğunu düşünmürəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Oyuna çox yaxşı başlamışdıq. Üstünlük bizdə idi. Top itkisinə yol verdik və rəqib də bundan istifadə edib, qolunu vurdu. Ondan sonra çoxsaylı hücumlarımız oldu, qollar vurduq. Heç biri qeydə alınmadı. Hücumlara davam etdik. Bəzi dəqiqələrdə üstünlük rəqibə keçirdi. Ümumi götürsək, futbolçularım bu gün qəhrəmancasına mübarizə apardılar. Hamısını bağrıma basıram. Bu şəkildə də davam etməliyik. İstər rəqiblərlə, istərsə də, başqa hallarla sonadək mübarizə aparmalıyıq. Möhkəm kollektivimiz var, onu bu gün meydanda gördüm.

Nəticənin ədalətli olduğunu düşünmürəm. Ən azından məğlub olmamalıydıq. Bu mövsüm “Neftçi” ilə oyunlarda fantastik epizodlar qaçırırıq. Çox ciddi şanssızlıqlar yaşayırıq. Komandanın oyunundan narazı deyiləm. Bəlkə, “Turan Tovuz”la səfər görüşünü zəif keçirdik. Lakin digər matçlarda qələbəyə yaxın olmuşuq. 10 turda o qədər hadisələr baş verib ki, futbolçularımı tənqid də edə bilmirəm. Bu günkü oyunla futbolçularımı necə tənqid edim?

Təbii ki, Ruan Renatonun yoxluğu özünü göstərdi. Amma Stefan Akka və Dimitros Çantakias da yaxşı oynadılar. Abbas İbrahim səhvə yol verdi. Buna rəğmən, müdafiəçilərimiz ayıq olmalıydılar. Çünki oyunumuz yaxşı gedirdi. Hər şey əla idi, psixoloji üstünlük bizdə idi. Belə məqamlarda bu cür qollar buraxmaq çox məyusedicidir. Rəqib cərimə meydançamıza girəndə qol olur, biz bunu edəndə, gah qapıçının başına, gah sinəsinə dəyir, gah da top dirəyə tuş gəlir. Bilmirəm. Qol vururuq, sayılmır”.

Rəşad Sadıqov yenə hakimlikdən şikayətləndi

Sadıqov 10 oyunluq qələbəsizlik sindromunun səbəblərindən də danışıb:

“Hücum xəttinin məhsuldarlığı aşağıdır. Orxan Əliyev, Aleksandr Ramalinqom təkbaşına bizim hücumdakı oyunçuların hamısından çox qol vurubsa, aydın məsələdir ki, məhsuldarlığımız aşağıdır. 22-23 tur ərzində qol vurmayan, məhsuldar ötürmə etməyən hücumameyilli oyunçularımız var. Son fazada çox yanlış qərarlar veririk. Əsas problemimiz də odur. Tələsirik, sağa ötürmə vermək lazımdır, sola veririk. Hakimlərin səhvi də elə bir tərəf üçündür”.

“Zirə”nin baş məşqçisi növbəti dəfə hakimlikdən şikayətlənib: “Qarabağ”la oyundan qabaq Rəşad Əhmədov VAR-da olub. 9 oyundan 6-da Rəşad Əhmədov bizim oyunda idi. Ya VAR-da, ya AVAR-da, ya da baş hakim olub. Rauf Cabbarov gedir, Rəşad Əhmədov gəlir, ya da əksinə. Bu ikisindən heç cürə qurtula bilmirəm. Ya mənim oyunlarımdadırlar, ya da rəqiblərimin. Oradakı bəzi qərarları görüb, başımızı tuturuq. Səbəb? Bilmirəm, Allah bilər. Axirətdə hamısını biləcəyik, kim nəyə görə, niyə edirdi. Düşüncəli insanlar müəyyən təhlillər aparıb, tuta bilirlər məsələni. Bizə qalan simamızı itirməyib, işimizi görüb, mövsümü sona çatdırmaqdı. Ondan sonra vəziyyətə baxacağıq”.