Miodraq Bojoviç darmadağını, Elmar Baxşıyev debütünü şərh etdi

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 30-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bəziləri asan qələbə qazandığımızı deyə bilər. Qol vuracağımızı düşünürdük, amma bunun ilk dəqiqədə olması bir qədər gözlənilməz alındı. Erkən qol vurmağımız, fasilə ərəfəsində də hesabı 2:0 etməyimiz oyunçulara güvən və rahatlıq verdi. Oyunu nəzarətimizdə saxlaya bildik. İkinci yarıda da şanslarımız və səhvlərimiz var idi. Ümumən, oyun yaxşı keçdi”.

Miodraq Bojoviç matçın sonunda etdiyi əvəzetmələrdən və Mark Tamaşın durumundan da söz açıb:

“Heç kimi dəyişməyə də bilərdim. 2:0 bəzən təhlükəli olur. Amma ehtiyatdakı oyunçuları da meydana buraxmaq istədim. Əvəzetmələr oyuna bəzən müsbət, bəzən də əksinə mənfi təsir göstərir. Bu gün belə alındı.

Mark Tamaş əsas heyətin oyunçusudur. O, “Səbail”lə oyunda zədələndiyi üçün bir neçə oyunu buraxdı. Bərpa müddəti artıq başa çatıb və əsas heyət uğrunda rəqabət aparacaq. Bərpa prosesi çox sürətli keçdi”.

“Araz-Naxçıvan”da debüt edən Elmar Baxşıyev isə yeni komandasındakı ilk məğlubiyyətinə belə şərh verib:

“1-ci və 45-ci dəqiqədə qollar buraxdıq. Bu da konsentrasiyanın aşağı olmasından irəli gəlir. Biz səhv etdik, rəqib də yararlandı. “Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm. Müəyyən çatışmazlıqlar var idi, onlar göründü. Amma gələcəyə ümid verən müsbət məqamlar da var idi. Mövsümün sonuna 6 tur qalıb. Çalışacağıq ki, növbəti matçlarda yaxşı çıxış edək.

Rəhbərliyin layihəsi məni cəlb etdi. Mən də dərhal çox düşünmədən, təklifi qəbul etdim. Beş gündür ki, komandadayam. Məni tanıyan hamı bilir ki, komandadayamsa, burada cavabdeh şəxs mənəm. Rəhbərliklə görüşdə də, öz tələblərimizi açıqlamışıq. Rəhbərlik futbol oynamır. Ümumi işin daha da yaxşılaşdırılacağına söz veriblər. Futbolçular mənim rəhbərliyim altında məşq edib, oyunlara hazırlaşırlar. Mənə inanab gətiriblərsə, nəticə və komandaya cavabdeh şəxs mənəm. Məndən qabaq nə olub, bilmirəm. İnanıram ki, mənimlə belə davam edəcəklər”.