Miodraq Bojoviç: “Hakimlik meydandakı ən pis tərəf idi”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 29-cu turu çərçivəsində “Sumqayıt”la qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra bunları dilə gətirib:

“Yaxşı oyun keçdi. Təəssüf ki, erkən qol buraxdıq. Məhz bundan sonra daha yaxşı oyun göstərməyə başladıq. Müəyyən epizodlarımız var idi, istifadə edə bilmirdik. “Sumqayıt”ın da şansları oldu. Onlar əks-hücuma yaxşı keçirlər. Oyunun tempi də kifayət qədər yaxşı idi. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini oynadıq. Futbolçularıma əhsən düşür, hesabı bərabərləşdirə bildilər. Qol buraxmaq təhlükəsi də var idi. Amma oyunçular sona qədər uğura inanırdılar.

Hakimlik barədə danışmağı xoşlamıram, amma məncə, hakimlik bu gün meydandakı ən pis tərəf idi. Birinci hissədə üç dəfə VAR məqamı var idi. “Sumqayıt”ın qapıçısı topu nə qədər saxladı, amma cəmi 1 dəqiqə əlavə edildi. İkinci hissədə isə penalti var idi, baş hakim vermədi. Baş hakim hər iki komandanın göstərdiyi oyunu korladı”.

Miodraq Bojoviç Emin Mahmudovu qol vurduqdan dərhal sonra dəyişməsinə də aydınlıq gətirib:

“Emin ötən həftə tam məşq edə bilməmişdi. Ona görə əvəzlədim. Əvəzlənəndə narazı qalması məni sevindirir. Oyunçunu dəyişəndə sevinirsə, demək problem var. Heç bir futbolçu meydanı erkən tərk etməyi sevmir. Emin də daxil olmaqla heç bir futbolçu ilə problemim yoxdur. Onların mənimlə problemi varsa, özümə deməlidirlər”.

“Bizim qol şanslarımız daha çox idi” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının oyununa belə şərh verib:

“Hər iki komanda qalib gəlmək istəyirdi. Qalib də gələ bilərdik, uduzmaq təhlükəsi də var idi. Oyunçularımızın epizodlardan istifadə edə bilməmələri keyfiyyətlə bağlıdır. İtkilərdən danışmağı sevmirəm. Dəyişikliklərlə nəsə etmək mümkün idi. Təəssüf ki, bəzi oyunçularımız yox idi. Oktavio Manteka və Masaki Murata oynamırdılar.

Səbuhi Abdullazadə öz yetirməmizdir. Mən məşqçiliyə başlayanda, onu 15-16 yaşında meydana buraxmışdım. Səbuhinin yerində Murata və ya Oktavio olsaydı, başqa cür qərarlar görərdik. Yerli futbolçular oyun anlayışı olaraq, yavaş-yavaş addımlayırlar. Səbuhi bu cür epizodları çox yaşamalıdır. Roi Kehatı öz istəyi ilə dəyişdik və Səbuhini önə çəkdik. Səbuhi çox yaxşı futbolçu olacaq.

Aşağı-yuxarı digər klublarla eyni gücdəyik. Üzülürəm ki, bu gün yaxşı oynasaq da, qalib gələ bilmədik. Amma yan-yörəmə baxıram ki, cavan uşaqlar qalıb ehtiyatda. Desəm ki, iki xal itirdik… Analiz edib deyə bilərəm. Bizim 100 faizli qol epizodlarımız daha çox idi. Bununla öz oyunçularımı aşağılamıram, amma “Neftçi”nin futbolçuları bizim yaratdığımız epizodları vurardılar”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: