Miodraq Bojoviç “Neftçi”dən göndərildi – Rəsmi

Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə əsl fiasko yaşayan “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Monteneqrodan olan mütəxəssislə müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul olunub. Klub Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Bojoviç 2023-cü ilin dekabr ayında “Neftçi”nin baş məşqçisi təyin edilmişdi. Həmin vaxt tərəflər 1,5 illik müqaviləyə imza atmışdılar.

Miodraq Bojoviç “Neftçi”ni bütövlükdə 22 oyuna çıxarıb. “Ağ-qaralar” bu görüşlərdə 9 qələbə qazanıb, 5 heç-heçə edib, 8 məğlubiyyətə üzülüblər. Komanda 56 xalla 5-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

UEFA-nın PRO lisenziyalı məşqçisi olan Bojoviç 1968-ci ildə Monteneqronun (YİR) Moykovas şəhərində anadan olub. O, futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın “Borats” klubunda məşqçilik karyerasına başlayıb. Böyük təcrübəyə malik mütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub.

Karyerası ərzində “Dinamo” (Moskva), “Lokomotiv” (Moskva) və “Srvena Zvezda” kimi komandaların baş məşqçisi olub. Bojoviçin “Neftçi” PFK-dan öncəki son iş yeri isə Rusiyanın “Arsenal” (Tula) klubu olub.

Xatırladaq ki, Bojoviç karyerası ərzində çoxsaylı klubda çalışıb. Onun baş məşqçi kimi fəaliyyət göstərdiyi komandaların siyahısını təqdim edirik:

“Belgrad” (2000:2001)
“Konsadole Sapporo” (2001–2002, köməkçi məşqçi)
“Borats” (2003–2004)
“Obiliç” (2004)
“Hayduk” Belqrad (2004)
AEP Pafos (2005)
“Borats” (2005–2006)
“Buduçnost” (2006–2007)
“Qrbal” (2007)
“Borats” (2007)
“Amkar” Perm (2008)
“Moskva” (2009)
“Dinamo” Moskva (2010–2011)
“Amkar” Perm (2011–2012)
“Rostov” (2012–2014)
“Lokomotiv” Moskva (2014–2015)
“Srvena Zvezda” (2015–2017)
“Arsenal” Tula (2017–2018)
“Krılya Sovetov” (2018–2020)
“Arsenal” Tula (2021–2022)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: